ÇADIR ŞƏHƏRCİYİNƏ ƏSGƏR MƏKTUBU
Anam, burda səngər çox soyuqdu,
Ora necədi?
Bilirəm yenə orda soyuqdan donur ayaqların.
Yəqin yenə çadırımızın istiliyi yoxdu.
O vaxt atam cəbhədən gələndə
evdə qoyb getdiyi,
o yun, naxışlı corabı indi sən geyin.
Mənə saxlama.
Onu sevə-sevə bir məktəbli qız bağışlamışdı
o zaman atama.
Bunu sən deimişdin.
Sonra onu da ermənilər ...
Anam, götür geyin o corabı.
Sənsiz mən darıxmıram
Burda sənin qoxunu alıram nəm bilindajdan.
Qorxma, anam,
Narahat olma.
O boyda ərini itirdin
Dünya kiçilmə di ki?
Bu kiçik oğulun həsrətindən dünya dağıla .
Ən böyük oğlun Qarabağdı!
Birdə hec vaxt ağlama, ana.
Sən orda ağlayanda burda qar yağır.
Ağlama, anam, bir də ağlama.
Öz doğma balanın xatirinə olmasa da
Əsgər yoldaşlarımın xatirinə ağlama.
Mən sənə hər gün arzuladığını
Qarabağı hədiyyə gətirəcəm.
Ağlama.
ALLAH SƏBRİNİ KƏSSİN
Bu çadır küncündə böyüyən uşaq.
Ana südünə həsrət,
Ata üzünə həsrət.
Cadar-cadar olan ana dodaqlarından
Hər gecə qan içər gözləri.
Çadırda böyüyən uşaq,
Özündən çıxıb gedəcək.
Neçə ümüdlərin evini yıxıb gedəcək.
Gedəcək bir ev qurmağa.
Bu çadır şəhərindən
Bir daş şəhərinə uzanan yollar.
Düyün olacaq ana ürəyində.
Aça bilməyəcək.
Hirsini boğa bilməyib.
İçində boğulacaq.
Çadırda böyüyən uşaq,
Ürəyi çadır qapısı kimi əsim-əsim...
Oğul böyüdən ata, Allah səbrini kəssin.
QURD ULARTISI
Uzun gecələrin səssizliyinə nida salar
qurd ulartısı.
Qıyma - qıyma,
parça - parça
alınıb verilən vətən torpağının nidasıdır bu səs.
Çaldıranda qardaş qanının axıdıldığı andan ,
Cəbani döyüşündən,
Qızıl qayadan,
Türkmənçaydan,
Gülüstandan
gələn səsdi bu ulartı.
Qarabağda sınıb qalan,
QAZİ ayağının,
Qolunun
Dilidir.
Qarabağa səsləyən şəhid ruhudu,
Bu ulartı.
Heyif eşitmədik bu səsi !
Sən heç iç dünyanın səsini dinlədinmi?
Qurd ulartısı!
İçimi didən nida.
ŞƏHİD ANASI
Parkdayam .
Etinasiz ötüb keçirəm oturacaqların yanından.
Bu çılpaq oturacaqlarda,
Yarıçılpaq qadınlar da,
Biri-birinə sarılan cavanlar da çəkmir diqqətimi.
Birdən dayanıram:
Qarşımda zavallı bir qadın!
Gözündə əzab titrəyişi,
Yanağında gəncliyinin,
ya Bakı küləyininmi ilişib qalan izləri.
Əlimi cibimə aparıb son 20 qəpiyimi ona uzadıram
(Yataqxana yaxında olmasa da piyada gedərəm düşüncəsi ilə)
Bir tum paketi alıb, sual dolu nəzərlərlə o qadının gözlərinə baxıram.
-Nədir səni bu istidə bu əzaba salan ?
-Yoxmu övladın ?
-Var oğlum, var.
Bax ordan mənə baxır.
İki oğlum var, oradadı.
Qadının tidrəyən əlləri,
ŞƏHİDLƏR xiyabanını göstərdi.
ÇADIRA GƏLƏN GƏLİN
Çadıra gələn gələn gəlin.
Gəl, qədəminə qurban.
Ehtiyaclar içində susan dilinə qurban.
Çadıra gələn gəlin,
Oğul gözləyir səndən,
Şoran düzlərdə göyərən qaçqın evi.
Çadıra gələn, gəlin,
Oğulun oğul olmalı.
Bu məğlub ataların
Yurdunu geri almalı.
BUNLARİ DÜŞÜNƏ BİLMƏZSƏN Kİ SƏN
Bir illik ayrılıq
Suçsuz günahsız, qınaq eyləmisən başıma.
Deyirsən:
-"Ayrılığın nədir səbəbi?
On iki ayi salıb araya həsrətdə qoymusan,
həsrətdə məni".
Anlamaz qəlbini didir həqiqət,
günahsız yolumda günah görürsən.
Gülüm, həqiqəti məgər bilmirsən ?
Bilirsən, bilirsən,
Əfsus, çox əfsus.
Mənim vətən borcum.
Şərəf vicdanımın uca zirvəsi !
Sevən ürəyinin,
vuran qəlbinin mənli istəyinin ayrılığıdır.
Mən ki səndən əvvəl doğma anamı,
doğma VƏTƏNİ sevmişəm.
Borcumdu.
Onları qoruyum deyə.
Əsgər mundirini əynimə geyinmişəm.
Keşikçi olmuşam səngərlərdə mən.
Sarılıb silaha düşmən önündə,
VƏTƏN hayqırmışam
YURDUM demişəm,
Sevginin önündə ölməyi deyil,
VƏTƏNİM yolunda ölüm- demişəm.
Düşünə bilmirəm sən düşünən tək
Səni mən.
Məni YURD,
Məni EL,
ŞƏHİD ruhları,
Çadırda can verən kimsəsiz qoca,
Çöllərə səpilmiş səfil gələcək
DÜŞÜNDÜRÜR...
UTAN, MƏĞLUBİYYƏTİNDƏN !!!
Yenə xəyyallarım gecə kim qaranlıq.
Dan ulduzu görünmür.
Doğacaq günəşi yox,
İzinə düşüb gedəcəyi bir ünvanı belə yox.
Amma bu yoxluq içində,
Bir xalqın əzabı,
Minlərlə şəhid anasının qanlı göz yaşı
Və nə vaxtsa itgin sevgilisinin hələ də yolunu gözləyən,
Evdə qız qarıyan bir mələyin həsrətli baxışı.
Atasının ölümündən səkkiz ay sonra
dünyaya gələn bir körpənin ömür vərəqləri ...
Bu varlıq sabahkı yoxluğu mənə anlatdıqca,
Qulağımda dəmirçi zindanı kimi,
hayqırtı qopur:
UTAN, MƏĞLUBİYYƏTİNDƏN !!!
SUSMA DİLİM
Susma dilim, sən susduqca
Üzərinə od atarlar.
Bu yurdunu qarış-qarış
Bölüb satdı yad atalılar.
Qarabağdan gəliş yoxdur.
O tərəfə yürüş yoxdur.
Son nəticə görüş yoxdur.
Hər dinəndə söz atarlar.
Papağın əldən gedibdi.
Görənlər tənə edibdi.
Gədikdə tülkü güdübdü,
Hər sözündən söz tutarlar.
Dilə tutub söz qandırar.
Haqqını yalan dandırar.
Özünü odda yandırar.
Dilin üstdə od çatarlar.